Quran translations in many languages

Azərbaycanlı Quran

At-Târiq

Mərhəmətli, rəhmli Allahın adı ilə!

[86:1]

And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)

[86:2]

(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!

[86:3]

(O, zülməti yaran) parlaq ulduzdur!

[86:4]

Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!

[86:5]

Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!

[86:6]

O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.

[86:7]

(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!

[86:8]

Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyəqadirdir! –

[86:9]

Bütün sirlərin aşkar olacağı o qiyamət günü;

[86:10]

(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!

[86:11]

And olsun yağış sahibi olan göyə;

[86:12]

And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,

[86:13]

Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!

[86:14]

O, oyun-oyuncaq (əyləncə) deyildir!

[86:15]

Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.

[86:16]

Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.

[86:17]

Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!